Oğul dərdinə dözməyən şəhid atası vəfat etdi – Məkanın cənnət olsun, Elman Əzizov

0
182
elman-ezizov.png

Vətən müharibəsi şəhidi Elgün Əzizovun atası Elman Əzizov vəfat edib. Şəhidin atası qəfil ürək tutmasından dünyasını dəyişib.

Oğlu şəhid olduqdan sonra Elman Əzizov uzun müddət dərin sarsıntı keçirmiş və səhhətində ciddi problemlər yaranmışdı. Hər kəs ona təsəlli verir və şəhidimizin övladları xatirinə dözümlü olmasını, onları böyüdüb boya-başa çatdırması naminə səbirli olmasını diləyirdi.

Şəhid atası oğul dərdinə çox sinə gərməyə çalışsa da, bacarmadı, ürəyi bu dərdə dözmədi.

1966-cı il təvəllüdlü Elman Əzizovun vəfatı xəbəri onu tanıyanları, əzizlərini çox sarsıtdı.

Övladlarına daim Vətənpərvərliyi, insanpərvərliyi təbliğ edən, onları şəxsiyyət olaraq yetişdirmək üçün çalışan Elman Əzizov özü də xaraktercə mərd, gözütox, el-oba üçün canıyanan bir insan idi.

Hələ Vətən müharibəsinin ilk günlərində övladı – baş leytenant Elgün Əzizovdan torpaqlarımızın işğaldan azad edilməsi, Ordumuzun irəliləməsi xəbərini eşidəndə çox sevinmişdi Elman Əzizov. Elə onun oğlunun da iştirakı ilə 30 illik Qarabağ həsrətinə soy qoyulurdu, alnımızdakı ləkə təmizlənirdi.

Digər igidlərimiz, qəhrəmanlarımız kimi, Elman Əzizovun oğlu Elgün Əzizov da öz üzərinə düşəni layiqincə yerinə yetirdi – torpaqlarımız azad olundu.

Ancaq Elman Əzizov şəhid oğlundan ayrı qala bilmədi, ürəyi dözmədi və gözlərini bu dünyaya əbədi yumdu, oğluna qovuşdu.

elman-ezizov-elgun-ezizov.png

Allah həm Elman Əzizova, həm Elgün Əzizova, həm də cəmi şəhidlərimizə rəhmət eləsin.

Bizim – yəni onların doğmalarının üzərinə düşən isə xatirələrini daim əziz tutmaq, həmişə yadigarlarının yanında olmaqdır.

Məlumat üçün bildirək ki, baş leytenant Elgün Əzizov 6 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən ağır döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq, döyüş meydanını tərk etməyib. O, son damla qanınadək vuruşaraq qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elgün Əzizov şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin 3 övladı yadigar qalıb.

Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləVətən müharibəsi şəhidi Seymur Hüseynoğlunun anım mərasimi keçirilib – VİDEO
Növbəti məqalədə“1 manatlıq” taksilərin yaratdığı problemlərdən necə xilas olaq?