II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi – baş leytenant Seymur Hüseynoğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulmasının önəmindən danışdı. Bildirdi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır. Torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Bineqedi.com