Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
“Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.
Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.
Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011”, – məlumatda deyilir.
“Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşdır. Davamiyyəti 9 dəqiqədən artıq olub. Bu, çox böyük göstəricidir”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə vaş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, zəlzələ az halda Naxçıvan və Lənkəran bölgəsində hiss olunub.
“Türkiyədə baş verən zəlzələnin təsirini Azərbaycanda tək-tək insanlar hiss ediblər. Bundan əvvəl Xoy şəhərində olmuşdu. Bura Naxçıvanla təxminən 98 km məsafədə idi. Burada isə məsafə 700-800 km-dir. O təkanlar bizdə zəlzələ ocaqlarını oyada bilməz”.
Q.Yetirmişli əlavə edib ki, yaxın günlərdə Azərbaycanda katastrofik zəlzələnin olacağını düşünmür.

















