“YAP-ın Binəqədi rayon təşkilatında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusuna həsr olunan tədbirdə gənclərlə maraqlı görüş keçirdik. Görüşdə Ulu Öndər tərəfindən təsis olunan 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbrik edərək Ümumilli Liderimiz Heydər Əliyevin gənclər siyasətinin tarixi əhəmiyyətindən, bu siyasətin nəticəsində formalaşan güclü və vətənpərvər gənclikdən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəmanlardan və gənclərimizin Heydər Əliyevin siyasi irsinə bağlılığı və sadiqliyindən danışdıq”.
Bineqedi.com xəbər verir ki, bunu Binəqədi rayonundan millət vəkili Azay Quliyev bildirib.
“Gənclərin milli-mənəvi dəyərlərimiz, ölkəmizə qarşı aparılan informasiya müharibəsi, beynəlxalq və geosiyasi vəziyyət, İranın son zamanlar Azərbaycana qarşı törətdiyi təxribatlar və terror aktı, Vətən müharibəsindəki tarixi qələbədən sonra qarşıda duran əsas vəzifələr, Azərbaycanın enerji siyasəti və digər ictimai-siyasi həyatın aktual mövzuları ilə bağlı gənclərimizin çoxsaylı suallarını cavablandırdıq.
Tədbirin sonunda bir qrup gənclər YAP Binəqədi rayon təşkilatı sədrinin fəxri fərmanı ilə təltif olundu.
Fürsətdən istifadə edib, bugünkü maraqlı görüşü təşkil etdiyinə görə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılova təşəkkür edirəm”,-deyə Azay Quliyev bildirib.
Bineqedi.com


























