Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Atatürk prospekti 58 saylı ünvan ərazisində söhbətgahın təmiri, binada blokların girişinin işıqlandırılması, quru ağacların kəsilməsi və asfalt örtüyündə olan yamaların bərpa olunması, Azadlıq prospekti 180/20 saylı binanın və eyni zamanda qonşu binaların fasadında qopmuş üzlük lövhələrin bərpası, Şövkət Məmmədova 5 və 7 saylı binaların arxa hissəsində ağac əkilməsi, Azadlıq prospekti köməkçi yolda piyada keçidi zolağının çəkilməsi, vətəndaşın işlə təmin olunması, A.Kunanbayev küçəsində yerləşən dayanacaqlarda bakıkart yükləmə aparatının qoyulması, İ.Dadaşov 71 saylı binada liftin yenisi ilə əvəz olunması, binanın zirzəmisinə qurunt sularının dolmasının aradan qaldırılması və zirzəmisinin dezinfeksiya olunması edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com


















