Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirə aparılıb

0
110
xankendi-qarabag-khankendi

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bineqedi.com saytı “Qafqazinfo” xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd etdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu təyinatdan sonra R. Məmmədovun kimliyi maraq doğurub.

Ramin Məmmədovun özü əslən Qarabağdandır  – 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib – 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təsilini Bakıda davam etdirib.

BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.




Əvvəlki məqaləXİN Ceyhun Bayramov-Sergey Lavrov görüşü barədə məlumat yaydı
Növbəti məqalədəBinəqədidə din xadimləri ilə görüş keçirilib – FOTOLAR