O idmançı həmin məktəbdə necə məşq keçib? – VİDEO

0
140
mesq-idman-sumqayit-zal-cido-karate-usaq

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Sosial şəbəkələrdə F.Bakarovun ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video yayılıb. Videoda məşqçinin özünü pis hiss edən uşağa qarşı həddən artıq aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.

Video keyfiyyətsiz olduğu üçün kadrlardakıların kimliyini dəqiq müəyyən etmək çətindir. Buna baxmayaraq, məşq zalı bundan öncə Mehman Xəlilovun Fərid Bakarovla məşq keçdiyini əks etdirən görüntüdəki zalın eynisidir.

Xatırladaq ki, Sumqayıt şəhər Prokurorluğu aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bəs M. Xəlilov həmin məktəbdə müəllim kimi çalışmayıb, onda orada uşaqlarla necə məşğul olub?

Məktəbdə işləməyən şəxsin orada məşq keçməsi qanunvericiliklə necə tənzimlənir? Ümumiyyətlə, sözügedən şəxs həmin məktəbdə hansı əsaslarla fəaliyyət göstərib? 

“Qafqazinfo” bu suallarla bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən cavab olaraq bildirilib ki, məşqçi M. Xəlilov 7 yaşlı Fərid Bakarovu qeydiyyatdankənar məşqə cəlb edib: “Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdankənar məşqə cəlb edilib.

Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.

Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumitəhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb”.

Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Əvvəlki məqaləBinəqədidə mini-futbol, şahmat və turnikdə dartınma turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəKür-Bakı magistral su kəmərində qəza – Yolu su basdı – VİDEO