Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri İ. Məmmədov adına 298 saylı tam orta məktəbdə “Erkən nikahların səbəbləri və fəsadları” mövzusunda tədbir keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev, Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi Tahirə Əsgərova, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin YYÇPİTB-nin inspektoru Səyyarə Lətifova və Bakı şəhəri 9 saylı qadın məsləhətxanasının həkimi Tacə Səmədova mütəxəssis kimi 8-11-ci sinif şagirdlərinə erkən nikahın səbəbləri və fəsadları ilə bağlı geniş məlumatlar vermişlər.
Natiqlər öz çıxışlarında şagirdlərə dünyada və ölkəmizdə erkən nikah hallarının baş verməsi ilə bağlı statistik məlumatları çatdırmış, erkən nikahın daha çox hansı səbəblərdən baş verməsini, habelə 18 yaşına çatmamış şəxslərin nikaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqlarını izah etmişlər.
Tədbirin sonunda şagirdlərə erkən nikah hallarına yol verilməsinin fəsadları ilə bağlı video görüntü nümayiş olundu, mövzu ilə bağlı onları maraqlandıran suallar cavablandırıldı və tədbir diskussiya şəkilində davam etdirildi.
Bineqedi.com























