Separatçılar təslim oldu – Rəsmi

0
113
xankendi-qarabag-khankendi

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

“Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib”.

Bineqedi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.

“Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”.

MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.

Onun sözlərinə görə, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, silah-sursatı tükənən erməni silahlıları döyüş meydanını tərk edib.

Əvvəlki məqalə“Lazımsız informasiya yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunub”
Növbəti məqalədəAntiterror tədbirləri dayandırıldı – MN-dən rəsmi açıqlama