“Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir”.
Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
“Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə – Yevlax şəhərində görüşməyə hazırdırlar”.
Dövlət başçısı qeyd edib: “Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu”.
Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
“Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”, – deyən dövlət başçısı vurğulayıb ki, Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin.
Onların Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdiklərini vurğulayan dövlət başçısı şəhidlərin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.
Antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.
Bölgəmizdə yeni vəziyyətin yaranmasının labüd olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib: “Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”.
Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdu, onların beyinlərini zəhərləmişdi.
“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, – Prezident İlham Əliyev diqqətə çatdırıb.
Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq.
Dövlət başçısı qeyd edib: “Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”.
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər.
Dövlət başçısı qeyd edib ki, biz buna hazırıq və Azərbaycan xalqı bilir: “Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”.