7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən iki azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Təhvilvermə prosesində hər hansı insident baş verməyib.
***
“Dövlətimiz bizi əsir qalmağa qoymazdı”
Bu sözləri erməni əsirliyindən azad olunan Aqşin Bədirov deyib.
“Biz Vətən üçün yaşayanlardanıq. Vətən üçün can da verərik, can da alarıq”, – deyə o əlavə edib.
***
“Sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır. İnanırdım ki, azad olunacağıq”.
Bu sözləri erməni əsirliyindən azad olunan Hüseyn Axundov deyib.
H.Axundov vəziyyətinin yaxşı olduğunu, Azərbaycana döndüyü üçün çox xoşbəxt olduğunu qeyd edib.
Jurnalistin “Əsirlikdə sizinlə necə davranırdılar” sualına cavab olaraq, Hüseyn “Bizə necə davranıblarsa, o davranışı da biz onlara göstərmişik”, – deyib.