“Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır”.
Bineqedi.com saytı Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. Peyvəndlərin insan sağlamlığı üçün təhlükəli olduğunu, yaxud gendə müəyyən dəyişikliklər üçün planlaşdırıldığını iddia edirdilər. Təəssüf ki, hətta həkimlər arasında belə düşüncədə olanlar var. Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: Qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsinin əsas məqsədlərindən biri də insanları inandırmaqdır”, – komitə sədri qeyd edib.
Ə.Əmiraslanov vətəndaşlara vaksinasiya ilə bağlı çağırış da edib:
“Onlar bilməlidirlər ki, yoluxucu xəstəliklərlə mübarizə aparmağın yolu mütləq peyvəndləmədən keçir. Bütün dünya peyvəndlərdən istifadə edir, onlarda vaksinasiyanın fəsadlar törətdiyi fikri yoxdur. Ancaq Azərbaycanda peyvəndlə bağlı yanlış fikirlər formalaşıb. Təsəvvür edin, bu gün qızılcaya yoluxanların nəinki əksəriyyəti, hətta deyərdim ki, 100%-i məhz uşaq vaxtı vaksinasiyadan kənarda qalanlardır”.
“Hazırda Azərbaycanda da digər ölkələrdə olduğu kimi, yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil”.
Onun sözlərinə görə, bir çox yoluxucu xəstəliklər baş qaldırır: “Qripin ağır növləri yayılmağa başlayıb. Qızılca ilə bağlı problem yaşanır”.
Komitə sədri qeyd edib ki, yoluxucu xəstəliklər daim nəzarətdə olmalıdır: “Nəzarət bir qədər zəifləyəndə xəstəlikdə alovlanma baş verir. Hər hansı yoluxucu xəstəliyin silinməsi onun tamamilə sıradan çıxması demək deyil. Yəni xəstəlik hər zaman geri qayıda bilər. Ona görə də, bu sahədə fəaliyyət göstərən qurumlar daim ciddi tədbirlər görməlidirlər. Ümumilikdə yaz sessiyası müddətində aidiyyəti qurumların iştirakı ilə Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub”.
“Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, bu istiqamətdə müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər hələ çoxdur”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil.
“Ona görə də, bu istiqamətdə görüləcək işlər gücləndirilməlidir”, – komitə sədri vurğulayıb.
Bineqedi.com