Parlament əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunu TƏSDİQLƏDİ

0
3036
toyy

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

– övladlığa götürənlər və övladlığa götürülənlər;

– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə yeni cəzalar müəyyənləşib. 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 189-2-ci maddədə əlavə edilib.

Yeni maddəyə əsasən, erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Əgər iaşə obyekti bu kimi hala il ərzində ikinci dəfə yol verərsə,fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcək. 

Bundan başqa, Milli Məclis Cinayət Məcəlləsinə 176-2-ci maddənin əlavə edilməsi barədə təklifi qəbul edib. Dəyişikliyə əsasən, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Əvvəlki məqaləNazir: “4030 ibtidai sinif müəllimi hər iki cəhddə keçid balını toplaya bilməyib”
Növbəti məqalədəAvtobus zolağına daxil olan sürücülər 100 AZN cərimələnəcək – TƏSDİQLƏNDİ