Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayon Binəqədi Bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən Binəqədi Bələdiyyəsinin sədr müavini Qüdrəddin Verdixanov Yeni Azərbaycan Partiyasının yüksək nüfuza malik aparıcı siyasi qüvvə olduğu bildirib. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıb. Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən, keçdiyi inkişaf yolundan və qarşıda duran vəzifələrdən bəhs ediblər. Bildirilib ki, bələdiyyələrin qarşısında yeni vəzifələr dayanır. Onlar bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün üzərlərinə düşəni layiqincə yerinə yetirəcəklərini bildiriblər. Görüşdə YAP-ın seçki proqramı və Binəqədi rayon təşkilatının Binəqədi Bələdiyyəsinə üzvlüyünə namizədləri haqqında ətraflı məlumat verilib. Qüdrəddin Verdixanov deyib ki, ölkəmizdə indiyədək keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanan Yeni Azərbaycan Partiyası yeni reallıqlar və çağırışlar fonunda növbəti seçkilərə də böyük qələbə əzmi ilə qatılıb. Seçicilərlə görüşdə ötən dövr ərzində Binəqədi Bələdiyyəsi tərəfindən Mürsəl Eminovun rəhbərliyi ilə mühüm addımlar atıldığı, bugünədək bir çox layihələrin həyata keçirilməsinə və sosial məsələlərin həllinə önəmli töhfələr verildiyi qeyd edilib. Görüşdə həmçinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub. Bildirilib ki, yeni dövrdə bizi yeni qələbələr gözləyir. Qüdrəddin Verdixanov 700 mindən çox üzvü olan YAP-ın ötən müddət ərzində bütün seçkilərdə inamlı qələbələr qazandığını qeyd edib. O, xalqımızın bələdiyyə seçkilərində də Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə səs verəcəklərinə əminliyini ifadə edib. Digər çıxış edənlər də ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların mənafeyinin dayandığını vurğulayıblar. Qeyd olunub ki, insanların yüksək sosial rifahının təmin edilməsi prioritetinə uyğun olaraq yerli özünüidarəetmənin səmərəliliyinin artırılması mühüm hədəflərdəndir. Onlar seçiciləri bir daha bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası