Baş nazirdən çağırışaqədərki hazırlıqla bağlı – Qərar

0
9090
bineqedi-rayon-seferberlik-herbi-xidmete-cagiris

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə” təsdiqənib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədlə “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı ləğv edilib.

Belə ki, ümumi təhsil, peşə və orta ixtisas məktəblərində çağırışaqədərki hazırlıq dərsləri artıq yeni Əsasnamə əsasında, dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq. Gənclərə ənənəvi hərbi və mülki müdafiə bilikləri ilə yanaşı, pilotsuz uçuş aparatları, süni intellekt texnologiyaları, elektron mühafizə və kibertəhlükəsizlik üzrə də nəzəri-praktiki vərdişlər aşılanacaq. Prosesə ümumi metodiki rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirəcək, gənclərdə isə Vətənin müdafiəsinin konstitusion borc olması şüuru formalaşdırılacaq.

Hazırlıq prosesinə ümumi nəzarət Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, aidiyyəti dövlət qurumları, bələdiyyələr və təhsil müəssisələrinin özləri tərəfindən aparılacaq. Yeni dərslik və vəsaitlər Müdafiə, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri, həmçinin Səfərbərlik Xidməti ilə razılaşdırılmaqla hazırlanacaq. Bundan əlavə, qurumların birgə iştirakı ilə hərbi idman oyunları, dərsdənkənar tədbirlər, dövlət tibb müəssisələrində tibbi-sanitariya təlimləri və tədris-metodiki filmlərin yayımı təşkil ediləcək.

Təhsil müəssisəsinin direktoru fənnin keyfiyyətli tədrisinə, təlim silah-sursatının mühafizəsinə və rübdə bir dəfədən az olmayaraq uçotunun yoxlanılmasına şəxsən məsuliyyət daşıyacaq. Çağırışaqədərki hazırlıq rəhbəri isə dərslərin və dərnəklərin aparılması ilə yanaşı, silah-sursatın mövcudluğunu ayda azı bir dəfə yoxlayacaq, gəncləri hərbi ixtisaslara yönləndirəcək və ilkin hərbi qeydiyyat işlərinə dəstək verəcək. Rəhbərin iş vaxtı və dərs yükü fərdi iş planı ilə müəyyənləşdiriləcək, o, məktəbdə yalnız dərnək rəhbəri vəzifəsini də tuta biləcək.

Dərslər dövlət təhsil standartlarına uyğun tədris planları əsasında nəzəri və praktiki hissələrdən ibarət keçiriləcək, oğlan və qızlar üçün birlikdə təşkil olunacaq. Hər sinif və ya qrup üzrə nizam-intizamı və təlim nailiyyətləri ilə seçilən gənclərdən manqa və taqım komandirləri təyin ediləcək. Həqiqi hərbi xidmət keçmiş və ya əvvəlki təhsil pilləsində proqramı tam bitirmiş şəxslər yeni təhsil müəssisəsində bu dərslərə cəlb olunmayacaq, tədris ilinin sonunda isə hərbi idman tədbirləri keçiriləcək.

Hazırlıq rəhbəri vəzifəsinə təyinat Səfərbərlik Xidmətinin yerli qurumları ilə razılaşdırılmaqla direktor tərəfindən aparılacaq. Namizədlər əsasən ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə ali təhsilli və hərbi xidmət keçmiş şəxslər, müharibə veteranı olan hərbi vəzifəlilər, zərurət olduqda isə gizir, miçman və çavuşlar arasından seçiləcək. Qanunvericilikdə nəzərdə tutulan mənfi hallarla ehtiyata buraxılmış və ya müvafiq qanunla məhdudiyyət tətbiq edilən şəxslər bu vəzifəyə təyin edilə bilməyəcək, pedaqoji təhsili olmayanlar üçün isə xüsusi kurslar təşkil olunacaq.

Rəhbərlərin hərbi və pedaqoji hazırlığını artırmaq üçün Səfərbərlik Xidməti, aidiyyəti qurumlar və Milli Müdafiə Universiteti tərəfindən ixtisasartırma kursları və seminarlar keçiriləcək. Hər tədris ilinin əvvəlində 5 günlük tədris-metodiki təlim, qış tətilində 3 günlük seminar və hər ayın son cümə günü məşğələlər təşkil olunacaq. Hazırlıq rəhbərlərinə metodiki işlər və maddi-tədris bazasının təkmilləşdirilməsi üçün həftədə 1 iş günü ayrılacaq.

Məktəblər Müdafiə Sənayesi Nazirliyinin qurumları ilə müqavilələr əsasında təlim silahları, sursatlar, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları, eləcə də sanitar çanta və xərəklərlə təmin ediləcək. Təhsil müəssisələri aidiyyəti qurumların müraciəti ilə Müdafiə Nazirliyinin atıcılıq tirlərindən və poliqonlarından ödənişsiz istifadə edə biləcəklər. Maddi-tədris bazasına xüsusi kabinet, silah-sursat otağı, sıra təlimi meydançası və naryad təlim sahəsi daxildir, lakin hazırlıq kabinetlərində başqa fənlərin tədrisinə icazə verilməyəcək.

Əvvəlki məqaləErmənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında