“Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil”.
Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.
“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, – deyə, nazir əlavə edib.
Kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirilib.
“Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram.
20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşdırma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zananla hamı öyrənəcək”.
2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqısı ilə bağlı statistika açıqlanıb.
Nazirin sözlərinə görə, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır. Bu kateqoriyaya 1399 nəfər daxildir.
11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500-2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir.
33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000-1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir.
41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500-1000 manat əməkhaqqı alır. Bu qrupa 49 757 nəfər daxildir.
14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 492 nəfərdir.
E. Əmrullayev əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.
“Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb”.
Nazirin sözlərinə görə, Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub: “22 nəfərin nəticəsi 0-29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30-50 aralığından 51+ aralığına keçir”.
“Bakıda növbədə 20 mindən çox valideyn var ki, bağçada yer gözləyir və yer isə yoxdur. Burada tələb təklifi üstələyir”.
“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur. 6 aya 40 bağça direktorunu işdən çıxarmışıq, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət vermişik”.
“Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələrini hələ də hiss edirik”.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri göstərir ki, vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələri zəifdir. Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb.
“Lakin onu da qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”, – deyə, nazir vurğulayıb.
“Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa vurub. Gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək”.
O bildirib ki, 2022-ci ildən sertifikasiya prosesi başlayıb: “Ümumilikdə 8 minə yaxın müəllimin bu prosesdə fəaliyyətinə xitam verilib. İmtahanda 30 suala cavab verə bilməyən müəllimin Azərbaycan məktəbində dərs deməsi düzgün deyil”.