“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur”.
Bineqedi.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirib.
“Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, – deyə dövlət başçısı bildirib.
“Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir”.
Dövlətimizin başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.
“Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-dək bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi”.
“Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları – bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb.
“İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”.
“İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.
Bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin və onun şəhərinin artıq canlandığını, buraya həyatın qayıtdığını vurğulayan dövlət başçısı qeyd edib: “Əminəm ki, siz burada rahat yaşayacaqsınız”.
“Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”.
Dövlət başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.