“Ümid edirəm ki, yaxın bir neçə ilə avtomobillərlə Naxçıvana gedə biləcəyik”

0
9898

“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür”.

Bineqedi.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün Kəlbəcərdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur: “Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik.

Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

“Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır”.

Dövlət başçısı bunu vəhşilik kimi qiymətləndirib: “O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm.

Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.

Sonra dövlət başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər:

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

Əvvəlki məqalə“Bu, Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur” – Prezident
Növbəti məqalədəBiləcəridə elektrik enerjisinin verilişində fasilə yaranacaq