Cənubi Koreya-Türkiyə əlaqələri genişlənir. Ötən gün bu ölkənin Prezidenti Li Çje Myon Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla təkbətək görüşüb. İkitərəfli görüşdən sonra liderlər hökumətlərarası sazişlərin imzalanması mərasimində iştirak ediblər.
Dövlət başçıları görüşdən sonra Sinopdakı atom elektrik stansiyası layihəsi üzrə sənədləri imzalayıblar. Liderlər birgə mətbuat konfransı da keçiriblər.
Səfər çərçivəsində iki ölkə arasında 6 saziş imzalanıb.
Türkiyə ilə Cənubi Koreya (Koreya Respublikası) arasında münasibət 76 ildir mövcuddur. 1949-cu il avqustun 11-də Türkiyə yenicə qurulan Koreya Respublikasını tanıyan ilk ölkələrdəndir. O, 1950-1953-cü illərdə koreyalararası (Şimali Koreya ilə) münaqişənin əvvəlindən BMT-yə üzv olan başqa 15 ölkə ilə birlikdə 1953-cü il iyulun 27-də atəşkəs haqqında saziş imzalanana qədər döyüş əməliyyatlarında iştirak edib.
Birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisələrdən bəhs edərək uzun illərdən sonra Cənubi Koreyadan prezident səviyyəsində dövlət səfərinin baş tutmasından məmnunluğunu bildirib: “Koreya müharibəsi zamanı biz eyni tərəfdə çiyin-çiyinə döyüşdük və qan qardaşı olduq. Türkiyə olaraq, 75 il əvvəl minlərlə kilometr məsafədəki torpaqlara 23 minə yaxın əsgərimizi göndərdik”.
Yeri gəlmişkən, imam Abdulqafur Karaismailoğlu tərəfindən koreyalılar arasında islam da yayılmağa başlayıb. 1956-cı ilin aprelində Koreya Respublikasında ilk məscidin açılışı olub.
Bundan təxminən bir il sonra – mart ayında iki ölkə arasında diplomatik əlaqələr qurulub. Türkiyənin nümayəndə heyəti 1958-ci ilin aprelində Seula ilk rəsmi səfəri həyata keçirib.
Prezidentlərin mətbuat üçün açıqlamalarında ölkələr arasında əlaqələrin, əməkdaşlığın yüksək səviyyədə olduğu da vurğulanıb.
Türkiyə lideri koreyalı həmkarı ilə ticarət, turizm, enerji, müdafiə sənayesi, nəqliyyat, elm və texnologiya, qarşılıqlı investisiyalar və başqa sahələrdə əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə etdiklərini bildirib.
Onun sözlərinə süni intellekt, yarımkeçiricilər və batareya texnologiyaları, innovasiyalar, bərpa olunan enerji sahələrində ciddi potensial var.
Ərdoğan qeyd edib ki, Asiya-Sakit Okean regionunda Cənubi Koreya Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. O, iki ölkə arasında ticarət dövriyyəsi həcminin 10 milyard dolları keçərək, əvvəlcədən müəyyən edilmiş 15 milyard dollarlıq həcmə xeyli yaxınlaşdığını da vurğulayıb: “Hyundai” şirkətinin yeni investisiyalar sayəsində İzmitdəki zavodunda elektrikli avtomobillər istehsal edəcəyi bizi çox sevindirir. Bu investisiya ilə yerli brendimiz TOG-dan sonra tamamilə yerli elektrikli avtomobillərin istehsalı üçün yeni bir proses başlayacaq”.
Mətbuat konfransında Ankara və Seul arasında müdafiə sənayesi sahəsinə dair məsələlərə də toxunulub. Ərdoğan deyib ki, Cənubi Koreya ilə müdafiə sənayesi sahəsində artıq mühüm layihələr imzalanıb: “ALTAY tankı layihəsi bunun ən uğurlu nümunələrindən biridir”.
O, ikitərəfli görüşdə bu sahədə birgə layihələri daha da şaxələndirməyi hədəflədiklərini söyləyib: “Gələcəkdə Cənubi Koreya ilə birlikdə müdafiə sənayesi sahəsində bir çox addımlar ata bilərik. Bundan əlavə, atom elektrik stansiyasının inşası ilə bağlı müvafiq qurumlarımız arasında danışıqlar davam edir”.
Liderlər Fələstin, Ukrayna, Suriya və Koreya yarımadası da daxil olmaqla regional və qlobal məsələləri müzakirə ediblər. Onlar terrora qarşı mübarizədə də əməkdaşlıqdan bəhs ediblər.
Ərdoğan Cənubi Koreyanın keçən ilin aprelində Suriya ilə diplomatik münasibətlər qurmasını alqışlayıb.
Cənubi Koreya lideri Li Çje Myon, öz növbəsində, bu səfərin Türkiyənin Koreya müharibəsində iştirakının 75-ci ildönümünə, prezident vəzifəsindəki ilk ilə təsadüf etdiyini söyləyib.
O, 2012-ci ildə Cənubi Koreya və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq siyasi, iqtisadi, mədəni qarşılıqlı əlaqə və hüquqlar da daxil olmaqla geniş spektrdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşdiyini vurğulayıb.
L.Ç.Myon qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Türkiyə koreyalı şirkətlərin Avropa bazarına çıxışı üçün güclü mövqe tutub: “Dəyişən regional və beynəlxalq gündəlik şəraitində iki ölkə arasında həmrəyliyin dərinləşdirilməsi yollarını hərtərəfli müzakirə etdik”.
Cənubi Koreya lideri iki ölkənin müdafiə sənayesi sahəsində mövqelərini gücləndirmək üçün səy göstərdiyini, birgə istehsal, texnoloji əməkdaşlıq və təhsil əlaqələri də daxil olmaqla qarşılıqlı etimada əsaslanan müdafiə sahəsində əməkdaşlığı davam etdirməyi qərara aldıqlarını açıqlayıb.

Sinopdakı atom stansiyası layihəsindən danışan Li Çje Myon Koreyanın qabaqcıl nüvə texnologiyaları və təhlükəsiz istismar sahəsindəki yüksək bacarığının Türkiyədə nüvə enerjisinin inkişafı prosesinə konkret töhfə verəcəyini deyib…
Cənubi Koreya və Türkiyə bir-biri üçün strateji tərəfdaş olduğu kimi, həm də geosiyasi baxımdan strateji mövqedə dururlar.
Koreya yarımadası dünya güclərinin maraqlarının toqquşduğu bölgələrdəndir. Elə Şimali Koreya (KXDR) ətrafında qütbləşmə buna nümunə ola bilər. Türkiyə onunla 2001-ci il iyunun 27-də diplomatik əlaqələr qurub. Bununla belə iki ölkə arasında münasibət çox mürəkkəbdir. Türkiyə BMT-nin nüvə proqramına görə Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara qoşulub. Rəsmi Ankara Koreya yarımadasının nüvə silahsızlaşdırılmasını dəstəkləyir. Bununla belə, KXDR-ə 2012-ci ildə ərzaq, 2015-ci ildə istilik örtüyü kimi humanitar yardımlar da göstərib.
Türkiyənin Seuldakı səfirliyi Şimali Koreyaya, onun Bolqarıstandakı səfirliyi isə Türkiyəyə akkreditə edilib.
Qeyd etmək lazımdır ki, KXDR Türkiyənin 2026-2027-ci illər üzrə Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) Şurasına üzvlüyünə diplomatik kanallardan dəstək verib.
Eyni zamanda, Türkiyədə Şimali Koreyanın nüvə proqramında istifadə ediləcək qızıl köçürmələrinə, təbii qaz, xam neft, toxuculuq məmulatları, gəmiqayırma, sənaye avadanlığı, nəqliyyat avtomobilləri, dəmir-polad və başqa metalların satışına qadağa qoyulub.
Bundan başqa, Şimali Koreyadan tədarük edilən qurğuşun, ərzaq məhsulları, elektrik avadanlığı, dəzgahlar, ipək, hazır geyimlər, dəniz məhsulları və başqaları dəniz, eləcə də hava limanlarında yoxlanılır. Təcili və həyati əhəmiyyət daşımazsa, Şimali Koreyaya məxsus gəmilər Türkiyə limanlarına girə bilmir.
Bunlar sünyanın həssas bölgəsinə rəsmi Ankaranın mövqeyidir. Türkiyə bununla regionda Cənubi Koreyanı birmənalı şəkildə dəstəklədiyini nümayiş etdirir.
Ankara-Seul əlaqələri Azərbaycanın da Cənubla mövcud əlaqələrinin inkişafına təkan verə bilər. Türkiyə ilə Azərbaycanın bütün istiqamətlərdə əlaqələrindən Koreya Respublikası da faydalana bilər. Xəzərdən keçən Orta Dəhliz və Zəngəzur dəhlizi Uzaq Şərqdəki bu ölkənin Avropa bazarına çıxış müddətini azalda bilər.
Cənubi Koreya Mərkəzi Asiyadan, Cənubi Qafqazdan və Türkiyədən uzaqda yerləşsə də, qlobal və regional məsələlərə oxşar mövqedən yanaşır. Bu isə onun Türk Dövlətləri Təşkilatı ilə perspektivdə əlaqələrini gücləndirmək, hətta vahid platformadan çıxış etmək ehtimalını artırır.
Koreya Respublikasının Mərkəzi Asiya ölkələri ilə də əlaqələri əhatəlidir. Bu baxımdan, Koreya yarımadası – Mərkəzi Asiya – Cənubi Qafqaz – Türkiyə – Avropa ticarət, nəqliyyat marşrutunu da qlobal baxımdan cəlbedici, faydalı, səmərəli saymaq olar.
Odur ki, bir blokda təmsil olunan ölkələrdən birinin regiondan kənar istənilən güclə əməkdaşlığı, əlaqələri ikitərəfli, regional mahiyyətdən çıxaraq, qlobal əhəmiyyət kəsb edir. Bu baxımdan, Türkiyənin Cənubi Koreya ilə əməkdaşlığı beynəlxalq önəm daşıyır. Li Çje Myonun Ankara səfəri, onun yüksək səviyyədə qarşılanması, əldə edilən razılaşmalar isə bu istiqamətdə yeni addımların atılmasına şərait yaradır.report.az

















