Bu məlumatlar ayın 15-dək təqdim edilməlidir – Qaydalarda dəyişiklik

0
9094

Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına dəyişiklik edilir.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunur.

Bundan başqa, qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.

***

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkilizərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir.

Bu azadolmalara aşağıdakılar aiddir:

– WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

– qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

– qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

– müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

***

Vergi ödəyicilərinin uçotu ilə bağlı qanuna dəyişiklik edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Əvvəlki məqaləBakıda yeni dəmir yolu dayanacaqları YARADILIR