Dron hücumunda 4 nəfər xəsarət alıb

0
10995

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə AZƏRTAC Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

***

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərovun sözlərinə görə, dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib.

“2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

***

Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Babək rayon Nəhrəm qəsəbə sakini 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.

Culfa rayon sakini 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.

Nazirlik ictimaiyyətə yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyi tövsiyə edir.

 



Əvvəlki məqaləİran Naxçıvanı vurdu – Video
Növbəti məqalədəPUA-ların sayı 4 imiş – “İran dərs vaxtı məktəbi hədəf alıb”