Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək

0
9090
imtahan

2027-2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.

Bineqedi.com trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, eyni zamanda qiyabi təhsil forması mərhələli şəkildə tamamilə məhdudlaşdırılır və aradan qaldırılır.

“Bunun əvəzində 2027-2030-cu illər üçün ilkin layihədə hibrid-distant təhsil formasının işlənməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Bu modelin əvvəlcə pilot layihə kimi ali təhsil müəssisələrində, daha sonra isə digər təhsil pillələrində mərhələli tətbiqi nəzərdən keçirilir.

9-cu sinifdən məhdudlaşdırmalar və qiyabi təhsilin ləğvi beynəlxalq təcrübə və müasir tələblərlə bağlıdır”,- deyə o qeyd edib.

***

“Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır”.

“Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.

Onun sözlərinə görə, hazırda müzakirə mərhələsində olan 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında orta ixtisas təhsili ilə bağlı bir sıra məsələlərin əksini tapması gözlənilir: “2022–2026-cı illəri əhatə edən strategiyada orta ixtisas təhsili ilə bağlı ayrıca istiqamət nəzərdə tutulmamışdı. Növbəti mərhələdə isə kollecləri ali təhsil ekosisteminin bir hissəsi kimi görürük. Hazırda bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir. Lakin bizim nəzərdə tutduğumuz inteqrasiya yalnız tabelik məsələsi deyil. Məqsəd kolleclərin universitetlərin ayrılmaz tərkib hissəsinə çevrilməsidir. Planlaşdırırıq ki, 2027–2030-cu illərin sonuna doğru bütün fəaliyyət göstərən kolleclər müvafiq ali təhsil müəssisələrinə inteqrasiya olunsun”.

T.Süleyman bildirib ki, bu modeldə orta ixtisas təhsili universitetlərin bakalavriat, magistratura və doktorantura səviyyələri ilə birlikdə vahid təhsil ekosisteminin tərkibində fəaliyyət göstərəcək.

O qeyd edib ki, nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətlərindən biri kolleclərin ali təhsil müəssisələri ilə birgə fəaliyyətinin təmin olunmasıdır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəBaş prokuror Binəqədidə vətəndaş qəbulu keçirdi – Foto