Hərbi xidmətdən yayınanlara qarşı qaydalar SƏRTLƏŞDİRİLİR

0
9093
bineqedi-rayon-seferberlik-herbi-xidmete-cagiris

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilmişdir.

Bineqedi.com xəbər verir ki, həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilmişdir.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da öz əksini tapıb.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

Əvvəlki məqaləQəbul imtahanlarının II mərhələsinin tarixləri – Açıqlandı
Növbəti məqalədəBayramı namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI