İşə qəbulda narkoloji rəy təqdim etməli olacağıq

0
9099

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əvvəlki məqaləBorc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdı
Növbəti məqalədə“Cərimə məbləğlərinin minimum hədləri müəyyən edilsin”