Bakıdan Kürdəmirə bilet – Cəmi 11.10 manata…

0
9094
qatar

“Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN-dir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edəcək”. 

Bineqedi.com xəbər verir ki, bu sözləri sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir stansiyasında təşkil olunan brifinq zamanı deyib.

“Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətində olacaq. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur. Bilet satışı 17 apreldən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.

Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə 300 mindən çox əhali üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək”,- o qeyd edib.

***

“Təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfərimiz baş tutdu. Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq”. 

Bu sözləri “Azərbaycan Dəmir Yolları” (ADY) sədrinin müavini Arif Ağayev Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu stansiyanın yenidən xidmətə verilməsi əlamətdar hadisədir.

“Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. “Azərbaycan Dəmir Yolları”nın buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq.

Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək.

Buradan həm Bakıya, həm şimal və qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək olacaq. Müasir “Stadler” qatarları ilə həftənin bütün günlərində sərnişinlərə xidmət göstəriləcək”, – sədr müavini bildirib.

Bundan başqa, sədr müavini qeyd edib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan “Azərbaycan Dəmir Yolları” sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir:

“Bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.

2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: ilin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir”.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəHikmət Hacıyev: “Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub”