Bakıda sürücü sükan arxasında ölüb.
Bineqedi.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Xocavənd rayon sakini 62 yaşlı Əliş Surxay oğlu Səfərov “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Araz Səfərzadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Bineqedi.com Pravda.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2025-ci ilin əvvəlində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Araz Səfərzadə həmin evdə ailə üzvləri, o cümlədən qardaşı, zərərçəkmiş Əhməd Səfərzadə (soyadı şərtidir) ilə birlikdə yaşayıb.
Gecə saat 3 radələrində ailə üzvləri arasında mübahisə yaranıb. Mübahisənin səbəbi zərərçəkmiş Əhməd Səfərzadənin anasına qarşı hörmətsizliyə etiraz və bu davranışa son qoyulmasını tələb etməsi olub. Zərərçəkmiş şəxs qardaşına irad bildirib və bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən əsəbiləşərək mətbəxə keçib və oradan bıçaq götürüb. Hadisə zamanı tərəflərin bacısı da evdə olub və baş verənləri öz gözləri ilə müşahidə edib. Araz bacısının gözü qarşısında qardaşına bıçaqla hücum edib. O, əlində olan mətbəx bıçağı ilə Əhmədin qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə qarın boşluğuna nüfuz edən, qaraciyərin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib. Ekspertiza həmin xəsarətin insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olduğunu müəyyən edib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin vəziyyəti ağırlaşıb və ona təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb. Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı hesab edib ki, Araz heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə hərəkət edib və qardaşının sağlamlığına qəsdən ağır zərər vurub. Toplanmış sübutlar, şahid ifadələri, ekspertiza rəyləri və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub. Məhkəmə istintaqı zamanı Əhməd Səfərzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində hadisənin baş verdiyini təsdiqləsə də, ittihamda göstərilən bəzi hallarla razılaşmadığını söyləyib.
Məhkəmə iş üzrə toplanmış sübutları, şahid ifadələrini, ekspertiza rəylərini və tərəflərin mövqelərini araşdırdıqdan sonra ittihamın hüquqi tövsifi ilə bağlı nəticəyə gəlib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlində ona ittiham verilən Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü maddələrində nəzərdə tutulan ağırlaşdırıcı hallar tam təsdiqini tapmayıb. Bu səbəbdən məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən həmin məcəllənin 126.1-ci maddəsinə, yəni qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə tövsif edilib. Hökmə əsasən, Əhməd Səfərzadə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

















