Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.
Bineqedi.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, göstərilən fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq sertifikasiyada uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1109 manat təşkil edib.
Bu barədə BŞTİ məlumat yayıb.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 583 manat təşkil edib.

















