İcbari tibbi sığorta ilə bağlı YENİLİK

0
9879

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq.

Bineqedi.com  xəbər verir ki, sözügedən məsələ “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.

***

Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.

Sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.

Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.

Birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək.

Peşə əmək qabiliyyətinin itirilməsi özündə, eyni zamanda, əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.

Əvvəlki məqaləSəfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
Növbəti məqalədəBakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – Video