Kolleclərə ixtisas seçimi başladı

0
10986

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

“İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3-9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir”, – məlumatda deyilir.

***

Avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.

Xatırladaq ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində)  tanış ola bilərsiniz.

Əvvəlki məqaləXəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Növbəti məqalədəƏhmədlidə torpaq uçqunu – Maşınlara zərər dəydi – Video