“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”

0
8675
ceyhun bayramov.png

Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub. Bu, ən önəmli məqamdır.

Bineqedi.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

“Nəhayət, sülh sazişinin imzalanmasına gəldikdə, bununla bağlı Azərbaycanın mövqeyi bəllidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və bununla da yekun sülh sazişinin imzalanması mümkündür”, – XİN rəhbəri vurğulayıb.

Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:

Ceyhun Bayramov bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində işlər davam edir.

“Gözləntimiz ondan ibarətdir ki, hazırlıq mərhələsi başa çatdıqdan sonra Ermənistanda artıq tikinti işlərinə başlanılsın. Azərbaycan öz üzərinə düşən işləri böyük ölçüdə yerinə yetirib”, – deyə Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Ermənistan ərazisində görülməli olan işlər də var.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpası regionun iqtisadi inkişafına mühüm töhfə verəcək.

“Bu layihələrin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu, həm Azərbaycan və Ermənistan, həm də daha geniş coğrafiya üçün faydalı olacaq”, – deyə nazir bildirib.

Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir.

“Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Növbəti mərhələdə hesab edirik ki, ticarət genişlənə də bilər”, – Ceyhun Bayramov qeyd edib.

“İsveçrəli həmkarımla görüşdə Ermənistanla normallaşma istiqamətində ötən il Vaşinqton sammitinin əhəmiyyətini vurğuladım”.

“Orada qəbul edilmiş sənədlər sırasında, təbii ki, liderlərin imzaladığı Birgə Bəyannamə, sülh sazişinin paraflanması, o cümlədən Azərbaycanla Ermənistanın ATƏT-ə üzv ölkələrə keçmiş münaqişə ilə bağlı Minsk qrupu təsisatlarının ləğvi üçün birgə müraciətini qeyd edə bilərik. Bu proses ötən ilin dekabr ayında ATƏT çərçivəsində tam həll olundu. Bu təsisatlar ləğv olundu və belə demək olarsa, ATƏT məkanında bir münaqişəyə son qoyuldu. Hesab edirik ki, bu, ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişafdır”, – Ceyhun Bayramov vurğulayıb.

Əvvəlki məqaləAvqustun 15-dən qatarlar “Nizami” – “28 May” arasında işləməyəcək – VİDEO