“Naxçıvanın idarəetmə qaydaları təkmilləşməlidir” – Video

0
9093

“Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”.

Bineqedi.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

“Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik.

Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq”, – Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır: “Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji – Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək.

Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir.

Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.

Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə – Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”.

“Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır”.

Bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

“Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.

Ona görə Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini – bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.

Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi – harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, – Prezident bildirib.

Əvvəlki məqaləPrezidentdən Naxçıvanla bağlı 258 milyonluq – Sərəncam