“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

0
9884

“Təbii ki, Özbəkistana hər dəfə səfər edəndə artıq bir çox yerləri gəzmişəm, Daşkəndin necə gözəlləşdiyini, binaların, küçələrin və infrastrukturun necə yeni görkəm aldığını, bütün bu işlərin necə böyük zövqlə, böyük sevgi ilə və yüksək keyfiyyətlə görüldüyünün şahidi olmuşam”.

Bineqedi.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təltifetmə mərasimində bildirib.

Dövlət başçısı deyib:

“Əziz qardaşımın “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir, Özbəkistan paytaxtının gələcək inkişafı ilə bağlı onun vizyonunun nəticəsidir”.

“Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək”.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib:

“Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı – bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir”.

“Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik”.

Bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib.

“Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir”, – deyə Prezident əlavə edib.

“Mirzə Uluqbəy adına məktəb bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib”.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

“Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir.

Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, – xüsusilə qadınlar üçün, – hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram”, – deyə Prezident əlavə edib.

Əvvəlki məqaləBirinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb – FOTO