Sinif yoldaşının evdən gətirdiyi şirniyyatı yedilər – 14 nəfər zəhərləndi

0
9089

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin 14 şagirdi xəstəxanaya yerləşdirilib.

Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir.

***

Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 02.10.2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Mərkəzin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb: “Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.

***

AQTA-dan bildirilib ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır: “Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Əvvəlki məqaləFHN-dən elektrik doldurma qurğuları ilə bağlı – Müraciət
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO