Konstitusiya Günü münasibətilə 11-12 noyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Xocəsən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayonun Xocasən qəsəbəsində humanitar aksiya həyata keçirildi.
Bineqedi.com xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikasının peşəkar həkim heyəti qəsəbə sakinlərinə yüksək tibbi xidmət göstərdi.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş avtomobil Səyyar Klinikasında 200 nəfər rayon sakini yüksək səviyyədə göz müayinəsi və həkim konsultasiyası xidmətlərindən yararlandı.
Qəsəbə sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını, keçirilən humanitar aksiya çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim komandasına təşəkkürlərini bildirdilər.





















