Bakının Binəqədi rayonunda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib.
Bu barədə Bineqedi.info saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.
B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.