Xəzər Ekoloji Sammiti: İlham Əliyevin təşəbbüsü və regional əməkdaşlığın yeni imkanları

0
9088

Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə çıxış edib və Xəzər dənizi ilə bağı bir sıra aktual məsələləri gündəmə gətirib. Ölkə Prezidenti Xəzərin iqtisadi və strateji əhəmiyyətinin daha da artmasından tutmuş bir sıra aktual məsələləri önə çəkib. Əsas mesajlardan biri də ondan ibarət olub ki, Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq prinsipial olaraq vacibdir. Ən əsası Xəzərin unikal ekosisteminin qorunmasının bütün dənizətrafı dövlətlərin ümumi vəzifəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan bəllidir ki, illərdir Xəzər dənizinin problemlərini əksər beynəlxalq tədbirlərdə qaldırıb və istiqamətdə tədbirlərin görülməsinə çağırış edib. Son illərdə Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər, xüsusilə su səviyyəsinin sürətlə azalması, dəniz ekosisteminə və sahilyanı ərazilərə təsirlərin artması bu məsələnin regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilməsini zəruri edir. Məhz bu baxımdan da Türkmənistanda keçirilmiş Xəzər Ekoloji Sammiti xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, sammitin keçirilməsi təşəbbüsü Türkmənistan tərəfindən 23 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasının plenar iclasında irəli sürülüb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2026-cı ildə Xəzər Ekoloji Forumunun keçirilməsini təklif edib. Sonrakı hazırlıq prosesində bu təşəbbüs Xəzər dənizinin ekoloji məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş formatına çevrilib.

Sammit Azərbaycan Prezidentinin təşəbbüsünü qəbul etdi

Yeri gəlmişkən, sammit iştirakçıları Prezidentin İlham Əliyevin səsləndirdiyi təşəbbüslərdən birini qəbul edib. Belə ki, Xəzərin Ekoloji Sammitinin yekununda qərar qəbul olunub ki, dənizin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda keçirilsin. Dövlət başçıları Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, İran və Rusiyanın yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsini razılaşdırıblar. Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. 29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.

 

Xəzər Ekoloji Sammiti: İlham Əliyevin təşəbbüsü və regional əməkdaşlığın yeni imkanları

Xəzərin səviyyəsinin azalması ciddi çağırışdır

Bu gün Xəzər dənizinin qarşılaşdığı ən mühüm problemlərdən biri su səviyyəsinin azalmasıdır. Məsələ yalnız ekoloji xarakter daşımır. Xəzərin səviyyəsinin dəyişməsi dəniz nəqliyyatına, limanların fəaliyyətinə, balıqçılığa, biomüxtəlifliyə, sahilyanı yaşayış məntəqələrinə və bütövlükdə regionun iqtisadi həyatına təsir göstərə bilər. Prezident İlham Əliyev sammitdə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi təkcə iqlim dəyişiklikləri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan antropogen amillərdir. Bununla yanaşı, dövlət başçısı baş verən dəyişikliklərin mümkün uzunmüddətli nəticələrini qiymətləndirməyin və artıq bu gün qərarlar qəbul edilərkən onları nəzərə almağın zəruriliyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu cür yanaşma vaxtında zəruri tədbirlər görməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin fəsadlarını minimuma endirməyə imkan verəcək.

“Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün yaxşı əsas yaradır”, – Azərbaycan Prezidenti söyləyib.

Ümumiyyətlə, Azərbaycan bu məsələyə xüsusi diqqət yetirən Xəzəryanı dövlətlərdən biridir. 2026-cı ilin aprelində Astanada keçirilən Regional Ekoloji Sammitdə Baş nazir Əli Əsədov Xəzər dənizinin səviyyəsinin sürətlə azalmasını ən kəskin ekoloji çağırışlardan biri kimi qiymətləndirib. Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin səviyyəsinin azalmasının səbəblərini araşdırmaq və müvafiq profilaktik tədbirləri müəyyənləşdirmək məqsədilə ikitərəfli işçi qruplarının yaradıldığı bildirilib.

Azərbaycan Qazaxıstanla əməkdaşlığı çərçivəsində də konkret addımlar atılır. Tərəflər Xəzərin su səviyyəsinin azalmasına təsir edən iqlim və antropogen amillərin öyrənilməsi, ekosistemlərə mümkün təsirlərin qiymətləndirilməsi, birgə tədqiqatların aparılması və məlumat mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycanın Xəzər məsələsinə yanaşması yalnız milli maraqlarla məhdudlaşmır. Ölkə Xəzəryanı dövlətlər arasında koordinasiyanın gücləndirilməsini, elmi məlumatların paylaşılmasını və ümumi ekoloji problemlərin birgə araşdırılmasını vacib hesab edir. 2026-cı ilin sentyabrında Tehranda keçirilən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 7-ci sessiyasında da Xəzərin səviyyəsinin azalması, ətraf mühitin monitorinqi və regional əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzularından olub. Bu yanaşma onu göstərir ki, Xəzərin ekoloji problemlərinin həlli ayrı-ayrı ölkələrin deyil, bütün Xəzəryanı dövlətlərin ortaq məsuliyyətidir.

Sammit yeni əməkdaşlıq imkanları yarada bilər

Azərbaycan Prezidentinin sammitdə səsləndirdiyi fikirlər içərisində Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artması da olub. Onun sözlərinə görə, Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.

“Bu şəraitdə Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq prinsipial olaraq vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın gələcək inkişafı üçün zəruri şərait yaradır”, – dövlət başçısı vurğulayıb.

Xəzər Ekoloji Sammiti: İlham Əliyevin təşəbbüsü və regional əməkdaşlığın yeni imkanları

Xəzər Ekoloji Sammitinin mühüm nəticələrindən biri Xəzərin gələcəyi ilə bağlı daha sistemli regional fəaliyyət mexanizminin formalaşdırılması ola bilər. Bunun üçün ilk növbədə Xəzərin səviyyəsinin dəyişməsinə təsir göstərən amillərin vahid elmi yanaşma əsasında araşdırılması vacibdir. İqlim dəyişmələri, yağıntıların azalması, çay axınlarında dəyişikliklər, buxarlanmanın artması və insan fəaliyyəti kimi amillərin hər biri ayrıca öyrənilməlidir. Eyni zamanda ekoloji problemlərin yalnız nəticələri deyil, onların səbəbləri də kompleks şəkildə araşdırılmalıdır.

Sammit bu baxımdan Xəzəryanı beş ölkə – Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan arasında ekoloji dialoqun daha da intensivləşdirilməsi üçün mühüm platformaya çevrilə bilər. Xəzərin ekoloji təhlükəsizliyi regionun iqtisadi gələcəyi ilə birbaşa bağlıdır. Xəzər hövzəsi enerji resursları, nəqliyyat, logistika, balıqçılıq, turizm və digər sahələr baxımından böyük potensiala malikdir.

Beləliklə, Xəzər Ekoloji Sammiti Xəzər dənizinin üzləşdiyi çağırışların fonunda vaxtında atılan mühüm regional addımdır. Sammit Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün yeni imkanlar yarada bilər. Azərbaycanın bu prosesdə fəal mövqeyi xüsusi diqqət çəkir. Ölkənin Xəzərin səviyyəsinin azalmasının səbəblərinin araşdırılması, regional işçi qruplarının yaradılması, ekoloji monitorinqin gücləndirilməsi və beynəlxalq platformalarda Xəzərin problemlərinin gündəmə gətirilməsi istiqamətindəki fəaliyyəti göstərir ki, Bakı Xəzərin gələcəyini regional əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.

Xəzərin qorunması yalnız bugünkü ekoloji problemlərin həlli deyil. Bu, gələcək nəsillərə sağlam ekosistem, təhlükəsiz sahilyanı ərazilər və davamlı iqtisadi inkişaf imkanlarının ötürülməsi məsələsidir. Məhz buna görə Xəzər Ekoloji Sammitinin əsas mesajı da belə olmalıdır: Xəzərin gələcəyi Xəzəryanı dövlətlərin birgə məsuliyyətidir və bu dənizin qorunması yalnız həmrəylik, elmi əməkdaşlıq və konkret ortaq fəaliyyətlə mümkündür.report.az

Əvvəlki məqaləMəktəbli geyimi ilə bağlı qurumdan açıqlama: “Təxribatlara uymayın”