Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT qətnamələrini icra etdi, tarixi ədaləti bərpa etdi

0
47
vusar ismayilov

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində video formatda çıxış etmişdir. Dövlət başçısı çıxışı zamanı bir sıra qlobal məsələlərlə yanaşı, Emənistanın Azərbaycana qarşı vandalizm siyasəti və 44 günlük Vətən müharibəsi haqqında dünya ictimaiyyətinə ciddi mesajlar çatdırmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev çıxışı zamanı dünyanı cənginə alan, milyonlarla insanın ölümünə səbəb olmuş yeni növ koronavirus COVİD-19 pandemiyasına toxunmuş və bu bəşəri problemlə mübarizə tədbirləri, eləcə də Azərbaycanda koronavirusa qarşı görülən işlərə diqqət yönəltmişdir. Vurğulamışdır ki, Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Peyvəndləmə kampaniyasına dünyada istifadə olunan 4 müxtəlif vaksinin cəlb edilməsi ilə xalqımıza seçim imkanları yaradılıb. Dünyada peyvənd qıtlığını, bəzi ölkələrin bundan məhrum olduğunu nəzərə alsaq, Azərbaycan dövləti peyvəndləməyə ilk başlayan ölkələrdən biri olmaqla yanaşı, öz xalqına seçim imkanları da yaradıb. Azərbaycanın koronavirusa qarşı mübarizə tədbirləri ölkə daxilində görülən işlərlə yekunlaşmır, ölkəmiz mübarizə tədbirləri çərçivəsində digər ölkələrə də kömək etməklə, bu bəşəri bəlaya qarşı mübarizədə dünya ilə həmrəylik nümayiş etdirir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması bu baxımdan səbəbsiz deyil. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımının edilməsi, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksinin göndərilməsi məhz Azərbaycanın öz maliyyə gücü hesabına edilir.
Bütün görülən bu işlərlə yanaşı, Azərbaycan dünya ilə bundan sonra da həmrəylik nümayiş etdirməyə hazırdır və Prezident İlham Əliyev beynəlxalq tribunalardakı çıxışlarında bu məramını dəfələrlə vurğulayıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bu istiqamətində bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısının, 2020-ci il 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi Azərbaycan dövlətinin xüsusi təşəbbüslərindən biridir.
Ölkəmiz qlobal əhəmiyyətli humanitar təşəbbüslərin müəllifi qismində çıxış etməkdə də davam edir. Bununla da ölkəmiz humanist bir ölkə olaraq təkcə Azərbaycanda deyil, bütün dünyadakı problemlərin həllində qətiyyət nümayiş etdirir. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. COVID-19-la mübarizə, eləcə də postpandemiya dövründə daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac olduğunu, bu işdə Azərbaycanın hər zaman dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Bu səbəbdən pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi məhz Azərbaycan tərəfindən irəli sürülmüşdür.
Beynəlxalq öhdəlikləri uğurla və məsuliyyətlə icra edən Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya edərək 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı, eyni zamanda bərpa olunan enerji istehsalı məqsədilə 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılması ilə bağlı öz üzərinə öhdəlik götürməsi dünya inkişafına verilən ən əhəmiyyətli töhfələrdən biridir. Artıq növbəti 3-4 il ərzində 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın ən ali tribunalarında biri olan BMT kürsüsündən çıxış edərək işğalçı Ermənistanın vandalizm siyasətini faktlarla ifşa edərək onun beynəlxalq qətnamə və qərarlara məhəl qoymadığını və 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il idi ki, icraolunmamış saxlanılmışdı. Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. Təəssüflər olsun ki, Ermənistan bütün bu siyasətini dünyanın gözü qarşısında etmiş, lakin heç bir dünya dövləti və beynəlxalq təşkilat tərəfindən Ermənistana qarşı təzyiq və ya sanksiya tətbiq edilməmişdir. Müəyyən məsələlərdə BMT-nin qərarları bir neçə gün ərzində icra olunduğu halda, Azərbaycanın torpaqlarının işğal edilməsi faktı ilə bağlı qəbul edilmiş qətnamələr 27 il idi ki, icra edilmirdi. Bütün bunlar ikili standartların bariz nümunəsidir. Ancaq bütün dünya Ermənistanın əsl simasını görməli və onun terrorizmə, əsassız torpaq iddialarına söykənənə siyasətinə qarşı haqq səsini ucaltmalıdır. Beynəlxalq riyakarlıq və “ikili standartlar” qlobal münasibətlər sistemi üçün ciddi təhdiddir. Dünya bunu dərk etməlidir.
Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail olsaydılar münaqişə öz həllini tapmış olardı. Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə, beynəlxalq qətnamə və qərarlara məhəl qoymaması, onları heçə sayması işğalla yekunlaşmır, Ermənistan işğal etdiyi ərazilərdə etniktəmizləmə siyasəti apararaq, şəhərləri, kəndləri, yaşayış məntəqələrini yerlə yeksan edib, tarixi, mədəni, dini abidələrimizi vəhşicəsinə dağıtmaqla, Aərbaycanlılara məxsus olan bütün izləri silməyə çalışıb. İşğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti erməni vandalizminin təcəssümüdür. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Bu riyakarlıq isə təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı hörmətsizlikdir və əsl təhdiddir.
Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətlər müəyyən olunub. Artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlanılıb. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər. Ermənistan və həmin xarici şirkətlər beynəlxalq hüquq qarşısında cavab verəcəklər. Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ təmin etdiyi kimi, bu məsələdə də beynəlxalq hüququn aliliyini tam təmin edəcəkdir. Ermənistanın cinayətləri bununla yekunlaşmır, işğaldan azad edilmiş ərazilərimzidə yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu çoxsaylı insan itkisinə səbəb olmaqla yanaşı, bərpa və quruculuq işlərini çətinləşdirir. Gələcəkdə faciələrin təkrarlanmaması üçün Ermənistanın bütün cinayətləri də araşdırılmalı və beynəlxalq təşkilatlar da mina xəritələrinin verilməsini tələb etməlidir.
Azərbaycan məsuliyyətli ölkə olaraq münaqişənin həllində sona qədər sülh və diplomatik danışıqlar üsuluna sadiq qalmışdır. Lakin Azərbaycanın bu mövqeyinə qarşı Ermənistan tərəfi qeyri-konstruktivlik nümayiş etdirərək ölkəmizə, ərazi bütövlüyümüzə qarşı müxtəlif təxribatlara əl atmışdır. Müxtəlif beynəlxalq tədbirlərdə əsassız iddialarla çıxış edərək sərsəm bəyanatlar səsləndirmişdir. 2020-ci ilin iyul ayında Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribatın törədilməsi, daha sonra avqust ayında Ermənistanın diversiya qrupunun keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etməsi deyilənlərin sübutudur. Bu cür təxribatların biri – sentyabrın 27-də isə Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycanın müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində inamlı qələbə qazanması dövlət-xalq-ordu həmrəyliyinin bariz təntənəsi idi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bütün dünya bu 44 gün ərzində Azərbaycan dövlətinin və xalqının gücünü, qətiyyətini və əzmini bir dah gördü. Bu dövlət və millət sarsılmazdır, öz dövlət başçısının və ordusunun arxasındadır. Heç bir kənar qüvvə bu birliyə xələl gətirə bilməz.
İndi isə bizi qarşıda məsuliyyətli işlər gözləyir. Azad olunmuş ərazilərimizdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi işğaldan azad edilmiş ərazilərimiz əvvəlki kimi gülüstana çevriləcək və didərgin düşmüş soydaşlarımız tezliklə öz yurd-yuvalarına geri qayıdacaqlar.

Vüsar İsmayılov, 
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Əvvəlki məqaləBinəqədidə keçirilən onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub
Növbəti məqalədəBinəqədidə keçirilən onlayn inşa-yazı müsabiqəsinin nəticələri açıqlanıb