Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik.
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, birinci növbədə, qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət mühakiməsi prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.
Dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ötən 25 ildə ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət oldu.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Dövlətimizin sürətli inkişafı və sosial-iqtisadi bazasının güclənməsinin qaçınılmaz nəticəsi olaraq 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Edilmiş dəyişikliklər və əlavələr Konstitusiyamızı yeni dövrün tələblərinə uyğunlaşdırmaq və iqtisadi və sosial sahədə yeni hüquqi zəmanətlər yaradılması məqsədi daşımışdır. Məhz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendumlar vasitəsi ilə Konstitusiyamız bu gün daha da təkmilləşdirilməklə dövlətimizin hərtərəfli inkişafı üçün daha səmərəli və aparıcı qüvvə olmuşdur.
Şirincan Məmmədli,
Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin tarix müəllimi, “TƏRƏQQİ” medalı təltifçisi