Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidi Ruslan Tağıyevin ailəsini ziyarət edib, şəhidin uşaqları – Fuad, Nuray və Poladla görüşüb.
Bineqedi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Görüş zamanı A.Bayramov Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan olan Ruslan Tağıyevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. O, Bakının Binəqədi rayonunda yaşayan şəhid ailəsinin qayğları ilə maraqlanıb.
Ailəyə birdəfəlik sığorta ödənişi verilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə (həyat yoldaşı və 3 övladı) Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya təyin olunub. Yaxın vaxtlarda Nazirlik ailəni mənzillə də təmin edəcək.
Ailənin sosial vəziyyətinin bundan sonra da diqqətdə saxlanacağı qeyd edilib.
Bineqedi.info