Bu gün Mill Məclis Şuşa Bəyannaməsini təsdiq etdi.
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu sənədin əhəmiyyətini 3 qrupa bölmək olar: 1) iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması, 2) Regional təhlükəsizliyin və əməkdaşlığın təminatındakı rolu, 3) Qlobal əməkdaşlığa töhvə verməsi və qlobal çağırışlarla birgə mübarizə.
İndi isə bir qədər ətraflı.
1) Bu sənəd Azərbaycanla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir. Bu müttəfiqlik bir çox müddəalarda öz əksini tapıb.
Bunlardan: hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı, Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclasların keçirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə fəaliyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini qeyd edə bilərik
2) Regional Təhlükəsizlik və əməkdaşlıq
a) Azərbaycan və Türkiyə regionun təhlükəsziliyinin qarantoru rolunda çıxış edirlər. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, hər iki dövlətin suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
b) İki dost və qardaş ölkə indiyə kimi imzaladıqları bütün beynəlxalq sənədlərə, xüsusilə, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirlər. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsinin bizim üçün önəmi hələ də qalmaqdadır.
c) Zəngəzur dəhlizinin açılmasına və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinə təminat verilir.
d) Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti, Türkiyəyə qarşı əsassız soyqırım iddialarının qarşısının alınmasında birgə fəaliyyəti qeyd etmək olar.
3) Qlobal əməkdaşlığa töhvə verməsi və qlobal çağırışlarla birgə mübarizə.
a) Şuşa Bəyannaməsin sadəcə Azərbaycanla Türkiyə ilə məhdudlaşmır, böyük Türk birliyinin gələcək təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyi şübhəsizdir,
b) Qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək,
c) Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər,
d) Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu,
e) Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması,
f) Beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, birgə mübarizə.
Şuşa Bəyannamsəi Beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam uyğundur
a) Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini emosional yaxınlıq üzərində deyil, beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurublar,
b) Beynəlxalq hüquqa uyğun olaraq iki qardaş ölkənin dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir,
c) Hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlmir.