“Səhiyyə Nazirliyi 4-cü dozanı tövsiyə etməyib”

0
52
vaksinasiya-covid

“Azərbaycanda 4-cü dozanın vurulması Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilməyib”. 

Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, dünyada bir neçə ölkə 4-cü dozanın vurulmasına qərar verib: “Azərbaycanda belə bir qərar yoxdur. 3-cü doza özü könüllüdür, məcburi deyil. 4 və 5-ci dozanın vurulmasının elmi təsdiqi yoxdur. Vəziyyət daim izlənilir. Səhiyyə Nazirliyinin yanında Tibbi-elmi şuranın həftəlik iclasları olunur və qabaqcıl dünya təcrübəsi təhlil olunur”.

Səhiyyə naziri təcili yardım və poliklinika əməkdaşlarının COVID-19 testi götürmək üçün gec gəlməsi ilə bağlı  şikayətlərə aydınlıq gətirib.

O qeyd edib ki, ambulator xidmət üzərindən qurulmuş 41 COVID məntəqəsi fəaliyyət göstərir. Hazırda bəzi məntəqələrdə işçi heyəti üçqat artırılıb. Həmin şəxslər evlərə gələrək test nümunələri götürürlər: “Təcili tibbi yardımın yükü onsuz da çoxdur. Bu məsələ ilə bağlı səhiyyə üzrə vahid çağrı mərkəzi yaradılacaq. Bununla bağlı işlər intensiv aparılır. Hər bir mərkəzdə işçilər intensiv iş görürlər. Onların hamısı vətənpərvər insanlardır.

Dəvət edirəm, gəlin baxın, onların işi nədən ibarətdir. Testlər götürülür, ola bilsin müəyyən gecikmələr olsun. Testlə bərabər yoluxanlara dərman vasitələri verilir. Ona görə hər kəsi səbirli olmağa çağırıram. Bu gecikmələr “omicron” ştamı ilə bağlıdır. “Delta” ştamında belə problem yox idi. Sadəcə yüngül simptom olan kimi 103-ə zəng etməyin mənası yoxdur. Çalışın sahə poliklinikasına müraciət edin. Onlar sorğunuzu regional COVID məntəqəsinə yönəldəcək”.

“Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər kəs müraciət edərək səhiyyə, tibblə bağlı istənilən sorğusunu verərək probleminin həllinə, cavablandırılmasına nail olacaq”.

O qeyd edib ki, nazirliyin veb saytından da müraciətlər qəbul olunacaq və cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar üzərindən müraciətlər də inkar olunmur.

Nazir bildirib ki, qarşıdakı 5 ildə rəqəmsal səhiyyə strategiyası hazırlanır. Bu yaxınlarda hazırlanıb təqdim olunacaq.

T. Musayev əlavə edib ki, Səhiyyə Nazirliyi ölkənin səhiyyə sahəsində mərkəzi icra hakimiyyəti orqanı olduğundan ölkədə səhiyyənin transfortmasiya ofisi yaradılacaq. Bütün səhiyyə orqanları həmin ofisdə təmsil olunacaqlar. Bununla da münasibətləri daha da optimallaşdıraraq Azərbaycan vətəndaşlarının məmnunluğu təmin ediləcək.

“Qafqazinfo”

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futzal turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədi polisi 7 avtomobildən oğurluq edən şəxsi saxlayıb