“Bir övlad olaraq valideynlərimin xatirəsinə, onların illərlə zəhmət çəkərək sahib olduqları Ağdamdakı doğma evinə qovuşmaq istəyirəm…”
Bineqedi.com xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Elbrus Abbasovun oğlu Vüqar Abbasov müraciət edib.
Birinci Qarabağ Müharibəsi iştirakçısı olan futbolçunun oğlu bildirib ki, 2020-ci ildə valideynlərini 17 gün fərqlə itirib: “Atam Elbrus Abbasov Azərbaycan futboluna xidmət edib, anam Gülnar Abbasova isə uzun illər Ağdam rayonunda baş həkim vəzifəsində çalışıb. Onlar daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılıb, buna görə də minnətdaram. 2020-ci ildə koronavirus pandemiyası zamanı ikisinin də vəfat etməsi ilə həyatımın ən ağır faciəsini yaşadım. Bu da mənim üçün mənəvi sarsıntı oldu”.
(1).jpg)
Vüqar Abbasov bildirib ki, valideynlərinin vəfatından sonra onlara məxsus evə sahib olmaq istəyir: “1993-cü ildə müharibə səbəbindən doğma Ağdamı tərk edərək Bakı şəhərinə köçməyə məcbur olmuşuq. Ağdamda yerləşən həmin ev mərhum anam Gülnar Abbasovanın adına olub.
Mənzillə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarış, texniki pasport, order və digər sənədlər mövcuddur. Uzun illərdir bu məsələnin həlli üçün aidiyyəti qurumlara müraciət etsəm də, faydası yoxdur. Əlimizdə mənzillə bağlı rəsmi sənədlər olduğu halda valideynlərimdən miras qalan doğma evimizə qovuşa bilmirəm.
Mən yeni mənzil, xüsusi imtiyaz və ya qanunsuz güzəşt istəmirəm. Bu mənim üçün sadəcə bir mənzil məsələsi deyil, həmin ev valideynlərimin xatirəsi, ailəmin keçmişi və doğma Ağdamımıza bağlılığımın bir parçasıdır”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 108, mənzil 64 ünvanında qeydiyyatda olan vətəndaş Abbasov Vüqar Elbrus oğlunun Ağdam rayonundakı mənzil ilə bağlı müraciətinə baxılıb: “Bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərə yalnız məcburi köçkün statusu olan şəxslərin köçürülməsini həyata keçirir. Vətəndaş Vüqar Elbrus oğlu Abbasov məcburi köçkün statusunu təsdiq edən müvafiq vəsiqə ilə Dövlət Komitəsinə müraciət etdiyi təqdirdə, onun müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılacaq”.
Xatırladaq ki, Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbas Ağdamda ata mülkündə tikilən evdən özünün və bacı-qardaşlarının payına düşməməsinə etirazını bildirmiş, nəticədə spiker Sahibə Qafarova ilə fikir ayrılığı yaşamışdı.
Fidan Etibar
















