Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2022-ci il tarixli 214s nömrəli Sərəncamına əsasən, əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etmək məqsədilə yoxlamaların başlanması qərara alınıb.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayonu ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili məqsədilə Komissiya yaradılıb.
Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Binəqədi Rayon Polis İdarəsi və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yeni yaradılmış xüsusi monitorinq qrupları tərəfindən Binəqədi rayonu ərazisində yerləşən bütün növ xidmət və ticarət obyektlərində gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir. Monitorinqlər zamanı bütün növ xidmət və ticarət obyektlərinin mətbəx və digər sahələrində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərinin vəziyyətinə baxış keçirilmişdir. Qeyd olunan tədbirlər nəticəsində bir sıra obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin burada rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətlərinin olması müəyyən edilmiş, həmin nöqsanlar demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılmış və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlər görülmüşdür. Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və bir sıra digər məsələlərlə bağlı sahibkarlar və işçi heyəti ilə maarifləndirici söhbətlər aparılmışdır.
Monitorinq qrupunun rayon ərazisində gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir.
Bineqedi.info












