Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun Binəqədi rayon mərhələsi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə hərbi hissə komandiri polkovnik Alim İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin baş zabiti, kapitan Toğrul İsgəndərov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Namil Məmmədov, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, məktəb direktorları, hərbi hazırlıq, fiziki tərbiyə müəllimləri, hərbi hissənin gizir və zabitləri və 29 məktəb komandası iştirak etmişdir.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
Çıxış üçün söz hərbi hissə komandiri polkovnik Alim İsmayılova verilmişdir. O, çıxış edib və qeyd etmişdir ki, bu gün ordumuzda böyük ruh yüksəkliyi var, düşmən üzərində qazanılan böyük qələbə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun gücünü, vətənpərvərlik ruhu bir daha bütün dünyaya sübut etdi.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Səməndər Mənəfov bildirmişdir ki, “Şahin” hərbi-idman oyunları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir.
Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev də “Şahin” hərbi-idman oyunlarının gənclərimiz üçün vacibliyini vurğulamış, komandaların hər birinə uğurlar arzulamışdır.
Qeyd edirik ki, oyunlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,
Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Respublika Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.
“Şahin” hərbi-idman oyunlarında 29 ümumtəhsil məktəb komandasında 406 şagird iştirak etmişdir.
Oyunun nəticələrinə əsasən Binəqədi rayon 182 nömrəli tam orta məktəb komandası I yer, 300 nömrəli tam orta məktəb komandası II yer, 144 nömrəli tam orta məktəb komandası III yeri tutmuşdurlar.
Məlumat üçün bildiririk ki, oyunun qalib komandası məktəblilər arasında Bakı şəhəri üzrə keçiriləcək zona birinciliyinə vəsiqə qazanmışdır.
Bineqedi.info































