“Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start veririk. Əsas mərhələ dedikdə, test mərhələsi nəzərdə tutulur. Bu mərhələ 14-22 iyul tarixlərini əhatə edəcək”.
Bineqedi.info saytı xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə builki imtahanlarda əvvəlki illərdən fərqli olaraq bir neçə yeniliklər tətbiq olunacaq: “Belə ki, əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq”.
“Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə nəticələrdən asılı olaraq keçid balları müəyyənləşdiriləcək”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, hazırda vakant yerlərin müəyyənləşdirilməsi prosesi davam edir və çalışmanın yaş həddinə çatmış müəllimlərin məlumatları toplanır.
Nazirlik rəsmisi bildirib ki, vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı yerli idarəetmə orqanlarına tapşırıqlar verilib.
“56 min şəxsin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunacaq”.
Onun sözlərinə görə, artıq həmin şəxslərin elektron müraciətləri qəbul olunub.
Eşqi Bağırov deyib ki, müəyyən səbəblərdən MİQ-də iştirak üçün müraciət edən 4 000 şəxsə imtina cavabı göndərilib:
“İmtahanlar 15 mərkəzdə, 7 gün ərzində keçiriləcək və hər bina sərinləşdirici vasitələrlə təmin olunub. Qapalı məkanlarda maska taxmaq tələbi də ləğv olunduğu üçün imtahanlarda namizədlərdən maska taxmaq tələb olunmayacaq”.