Amerikalı diplomat, Vaşinqotunun Bakıdakı keçmiş səfiri Riçard Kozlariç ATƏT-in Minsk qrupu formatının gələcəyi barədə danışıb. O, son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsində Avropa İttiqafının rolunun önə çıxdığını qeyd edib.
Bineqedi.info xəbər verir ki, “Amerikanın səsi”nə müsahibəsində Riçard Kozlariç deyib ki, Azərbaycanın Minsk qrupuna qarşı xüsusilə mənfi mövqeyini nəzərə alsaq, sülh danışıqlarının bu formata qayıdışını təsəvvür etmək çətindir:
“Mənim üçün Rusiya Ukraynanı işğal etməklə özünü vasitəçi kimi gözdən saldı. Rusiyanın Minsk qrupunda necə rol oynaya biləcəyini başa düşmürəm”.
Eks-səfirin sözlərinə görə, hazırda danışıqlar prosesi iki yeni vasitəçilik missiyası çərçivəsində gedir – Avropa İttifaqı və Moskvanın vasitəçiliyi ilə.
Diplomat Avropa İttifaqı (Aİ) missiyasının əhəmiyyətini xüsusilə qeyd edib və Vaşinqtonu bu prosesi asanlaşdırmağa davam etməyə çağırıb.
“Əgər biz vasitəçi rolundan danışırıqsa, o zaman Avropa İttifaqı bu rolda Ukrayna faktoru da daxil olmaqla bir çox şərtlərə əsaslanaraq hərəkət etməlidir. Avropa İttifaqı regionda müstəqil oyunçudur, maraqları var, lakin bu və ya digər tərəfi dəstəkləməyə gəldikdə Fransa, ABŞ və ya Rusiya ilə eyni tənqidə məruz qalmır”.
R.Kozlariçin sözlərinə görə, Moskva bu gün öz vasitəçiliyindən başqa sülh prosesinin heç bir başqa formatını qəbul etmir.
“Rusiya bu gün ikitərəfli münasibətlərdə daha aqressiv davranır və xarici qüvvələrin cəlb olunması ilə bağlı hər bir təcrübəni müdaxilə kimi görür və bu, xüsusilə Bakını narahat edir”, – Kozlariç deyib.
Bineqedi.info