Vətən müharibəsi şəhidi Bayramov Elvin İslam oğlunun doğum günü münasibətilə şəhidin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı baş tutdu.

Bineqedi.info saytına verilən məlumata görə, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Qəsəbə Bələdiyyəsinin sədri Etibar Cabbarov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, şəhidin təhsil aldığı Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, müəllim və şagird kollektivi, şəhidin ali təhsil aldığı Azərbaycan Dillər Universitetinin nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak etdilər.

Mərasimdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov şəhidlik məqamına ucalan və qürur mənbəyimizə çevrilən hər bir qəhrəmanın xatirəsinin əbədi yaşayacağını və şəhidlərimizin ruhu qarşısında hər zaman borclu olduğumuzu qeyd etdi, şəhidlərimizə hörmət və ehtiramını bildirdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, vətən millətin qüruru, ana qucağıdır. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin qanının axdığı müqəddəs torpaqdır. Elvinin timsalında canların bu vətən üçün fəda edən qəhrəmanlarımız hər birimizin qürur mənbəyidir. Onları bu dünyaya bəxş edən valideynlərinə ehtiramımız sonsuzdur.

Daha sonra Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva məktəbin şəhid məzunu haqqında ürək sözlərini söylədi. Məktəbin şagirdləri şəhidin xatirəsinə həsr olunan kompozisiya ilə çıxış etdilər.

Bayramov Elvin İslam oğlu 08 iyul 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdır. Elvin 2005-ci ildə İlqar Məmməmdov adına 298 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakultəsinə qəbul olmuş, 2020-ci ildə universiteti bitirdikdən sonra, elə həmin ili iyulun 26-sı həqiqi hərbi xidmətə yollanmış və Beyləqanda rayonu “N” saylı hərbi hissədə xidmət etmişdir. Şəhidimiz sentyabrın 27-si 2020-ci ildə Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir.


Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Bineqedi.info

