“Dördtərəfli Praqa görüşü ətrafında həm Azərbaycanda, həm də Ermənistanda müzakirələr davam edir. Bunu təbii hesab etmək olar. Çünki Praqa görüşünün nəticəsinə həsr olunan bəyanatda son 30 ildə ilk dəfə idi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi, Qarabağ Azərbaycandır, həqiqətini rəsmən qəbul etməyə məcbur oldu”.
Bineqedi.com saytı xəbər verir ki, bu fikirləri Binəqədi rayonundan millət vəkili Azay Quliyev bildirib.
“Nəzərə alsaq ki, bu bəyantı həm də Aİ və xüsusilə, Fransa da dəstəklədi, onda bunun nə qədər böyük siyasi əhəmiyyətə malik olduğunu görərik.
Bu, Azərbaycan dövlətinin, şəxsən hörmətli Prezidentimiz cənab İlham Əliyevin tarixi və diplomatik qələbəsidir, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin siyasi və diplomatik müstəvidə möhkəmlənməsi və təsdiqidir.
İndi az da olsa ümid var ki, Ermənistan, nəhayət, öz öhdəliyiniə sadiq qalacaq və qısa müddət ərzində iki ölkə arasında sülh sazişi imzalanacaq.
Lakin, Praqa görüşündən sonra Azərbaycan sülh gündəliyini nə qədər irəli aparmağa çalışsa da, Ermənistan bir tərəfdən gələn il üçün hərbi büdcəsini 47 faiz artırmağı planlaşdırır, digər tərəfdən, sərhəddə mövqelərimizi atəşə tutur, siyasi riyakarlıq nümayiş etdirərək ölkəmiz əleyhinə informasiya müharibəsini genişləndirməyə cəhd edir.
Xüsusilə, 12-14 sentyabrda həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatın qarşısını qətiyyətlə aldıqdan sonra bütün beynəlxalq platformarlarda dövlətimiz haqqında ən müxtəlif yalan və böhtanları yaymaqda davam edir.
Ermənistanın rəsmi dairələri və erməni lobbisi son günlər erməni əsgərlərə qarşı guya zorakılıq hallarını əks etdirən, lakin hələ tam təsdiqini tapmayan müxtəlif məzmunlu videolar yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa və əleyhimizə yönəltməyə başlayıblar.
Heç kimə sirr deyil ki, Azərbaycan hər zaman zorakılığın əleyhinə olub və Ermənistandan fərqli olaraq Respublikanın Baş Prokurorluğu yayılan videolarda əks olunan halların araşdırılması ilə bağlı tədbirlər görməyə başlayıb.
Təəssüflər olsun ki, 4 gün öncə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu da erməni təbliğatının təsiri ilə birtərəfli qaydada məsələyə münasibət bildirib, lakin bununla yanaşı, Ermənistanın şübhə doğurmayan çoxsaylı hərbi cinayətlərinə, bu gün ikinci ili tamam olan Gəncənin dinc əhalisinin qadağan olunmuş ballistik raketlərlə bombalanmasına səssiz qalıblar.
Elə bu yaxınlarda işğaldan azad edilmiş Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqda 12 Azərbaycanlı hərbi əsirin işgəncələrə məruz qalaraq, əli-qolu bağlı şəkildə vəhşicəsinə öldürülərək kütləvi şəkildə basdırılması faktına beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu münasibət bildirməyib. Eyni laqeydliyi biz Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru ilə də bağlı deyə bilərik.
Edilli cinayəti ilə bağlı bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb və biz, həmin təşkilatlardan, o cümlədən ATƏT-in İnsan hüquqları və Demokratik Təsisatlar Bürosundan məsələyə adekvat münasibət bildirmələrini gözləyirik”, – deyə millət vəkili qeyd edib.
Bineqedi.com