“Dövlətimizdən ayrı düşmüş azərbaycanlılara əlimizdən gələni edəcəyik” – Prezident

0
52
prezident-ilham-aliyev

“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər”.

Bineqedi.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu – taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik.

Biz bu mövzuları sizinlə bu və ya digər dərəcədə müzakirə etmişik və mən həmişə sizin timsalınızda öz türk köklərinə dərindən bağlı olan bir insan görmüşəm. Mən bunu səmimi deyirəm. Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq. Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür”.

“Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir”.

Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib.

“Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq.

“Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər”.

“Dünya dəyişir, yeni təhdidlər və yeni çağırışlar artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq. Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək”, – deyə Prezident bildirib.

Əvvəlki məqaləBinəqədi polisləri kütləvi davaya görə 4 nəfəri saxladı
Növbəti məqalədəİran əzələ nümayiş etdirməklə nə demək istəyir?