“Vaşinqton variantı” Azərbaycan üçün təhlükəli deyil – ŞƏRH

0
48
Baku-City-baki-azerbaijan

Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday klubunun iclasında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından söz açıb və “Vaşinqton variantı”nı gündəmə gətirib. Onun sözlərinə görə, “Vaşinqton variantı” Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur. Rusiya lideri Ermənistan xalqına və hakimiyyətinə müraciət edərək, onları iki variantdan birini – ya “Vaşinqton varianti”, ya da “Rusiya variantı”nı seçməyə çağırıb.

“Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, – Rusiya lideri çıxışında Ermənistana gizli mesajlar verib.

Bəs, Putinin bəhs etdiyi “Vaşinqon variantı” nədən ibarətdir?

Bineqedi.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, “Vaşinqton variantı” Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün daha optimal seçimdir:

Onun sözlərinə görə, “Vaşinqton variantı” Azərbaycan üçün təhlükəli deyil:

“Bu variantda Qarabağ Azərbaycanın tərkibi hissəsi kimi tanınır. Ancaq Qarabağdakı erməni icması ilə Azərbaycan hakimiyyəti danışıqlar aparmalıdır. Bir sözlə, erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün səylər göstərilməlidir. Təbii ki, bunun üçün ilk növbədə beynəlxalq monitorinq qrupu yaradılır. Qrupun işi danışıqlar prosesinə və azərbaycanlılarla ermənilərin inteqrasiya məsələsinə nəzarət etməkdən ibarət olacaq. Əgər hər şey deyildiyi kimi olsa, onda demək olar ki, qorxulu heç nə yoxdur. Bir də Azərbaycan Qarabağ ermənilərinə hansısa status verə bilər. Söhbət təbii ki, mədəni statusdan gedir. Ermənilərin irəli sürdüyü “öz müqəddəratını təyin etmə”dən söhbət gedə bilməz”.

Q.Hüseynli hesab edir ki, “Vaşinqton variantı” Moskvanın təklif etdiyi plandan şəffaflığı ilə seçilir:

“Vaşinqtonun həll yolu daha açıq və şəffafdır. Pərdəarxası məqamlar daha azdır. Rusiya isə başdan-ayağa şübhələrlə, intriqalarla, oyunlarla dolu plan təqdim edir. Bu da Rusiyanın regionu həmişə nəzarətdə saxlamaq planına xidmət edir. Rusiya açıq-aşkar mesaj verir ki, Ermənistan və Qarabağın xilası onun əlindədir. Rusiya Ermənistanı şirnikləşdirmək istəyir. Putin həm də Ermənistanı ABŞ və Qərbin ağuşuna atmaq istəmir. Onu nəzarətdə saxlamaq istəyir. Bunun nə qədər alınıb-alınmayacağını demək çətindir. Rusiyanın Ermənistana təsir etməyəcəyini deməsi düzgün deyil. İndiyə qədər Rusiya tərəfi işi idarə etməyə, maraqlarını reallaşdırmağa çalışırdı. Rusiyanın yaxasını məsuliyyətdən kənar çəkib, proseslər mənlik deyil, deməsi bölgədə sülhün təmin edilməsi baxımından məqbul sayıla bilməz. Rusiya bununla Qarabağ münaqişəsinin həllini ləngitməyə çalışır”.

Sabiq dövlət müşaviri qeyd edib ki, Putinin çıxışında “Ermənistan Qarabağın 7 rayonunu faktiki şəkildə işğal altında saxlayırdı” deməsi onun imperialist məqsədlərini bir daha ortaya qoydu: “Bununla Rusiya Qarabağın dağlıq hissəsində yerləşən 5 rayonun işğal edilmədiyini deyib. Axı bu 5 rayon da Azərbaycan torpaqlarıdır”.
Vladimir Putinin sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. Söhbət Kəlbəcər və Laçında rayonlarından gedir.

Əvvəlki məqaləBinəqədi rayon 28 May qəsəbəsində şəhidimizin anım mərasimi keçirildi – FOTOLAR
Növbəti məqalədəİpoteka qaydaları dəyişir – Köhnə binalardakı evlər ucuzlaşa bilər